Rusiya bir sıra qaydalarla Tatarıstan Respublikasının muxtariyyətini azaldıb və tatar türkcəsinin təhsildəki yerini daraldıb. Tatarıstanın Konstitusiyası 6 noyabr 1992-ci ildə qəbul edilib və respublikanın siyasi və hüquqi statusunun müəyyənləşdirilməsində dönüş nöqtəsi olub.
Moskvanın mərkəzləşdirmə siyasəti tədricən Tatarıstanın siyasi və inzibati səlahiyyətlərini azaldıb. Rusiya ilə Tatarıstan arasında səlahiyyətlərin bölüşdürülməsinə dair xüsusi müqavilənin müddəti 2017-ci ildə başa çatıb və bir daha uzadılmayıb.
Həmin il məktəblərdə tatar türkcəsinin məcburi tədrisi ləğv edilib. Bu qərar dilin gələcək nəsillərə ötürülməsi ilə bağlı narahatlığı daha da artırıb.
2023-cü ildə edilən konstitusiya dəyişikliklərində «Tatarıstan Prezidenti» adı götürülüb və onun yerini «Tatarıstan Respublikasının Rəhbəri» adı alıb. Tatarıstan vətəndaşlığına dair maddə də konstitusiyadan çıxarılıb.