İraq noyabrın 13-dən, cümə günündən etibarən Kirmanşah əyalətindəki Sumar sərhəd keçidini müvəqqəti olaraq bağlayıb. Bu qərar Vaşinqtonun İslam Respublikasının ticarət yollarını məhdudlaşdırmaq üçün təzyiqlərini artırdığı bir vaxtda qəbul edilib.
Reuters agentliyinin məlumatına görə, İraq rəsmiləri İraq ərazisində «Məndəli» adlanan Sumar keçidinin bağlanma səbəbini təmir işlərinin aparılması və sərhəd infrastrukturunun hazırlanması ilə izah ediblər. Keçidin nə vaxt yenidən açılacağı hələ məlum deyil.
Bu hadisə o vaxt baş verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn daha əvvəl ABŞ-ın İraqın İranla olan sərhəd keçidlərindən ikisi istisna olmaqla, hamısının bağlanmasını tələb etdiyini açıqlamışdı.
Bununla belə, Sumar keçidinin bağlanmasının Vaşinqtonun tələbi ilə birbaşa əlaqəsi hələ təsdiqlənməyib.