şənbə, 7 noyabr 2026
İran

Raifipur ana dilində təhsilə hücum edib: «Bu layihə İranı federallaşdırmaq məqsədi daşıyır»

Raifipur ana dilində təhsilə hücum edib: «Bu layihə İranı federallaşdırmaq məqsədi daşıyır»

İslam Respublikasının radikal cərəyanına yaxın simalardan olan Əliəkbər Raifipur ana dilində təhsil layihəsinə hücum edib. O, layihəni «İranın federallaşdırılmasına» yönəlmiş təhlükəli addım adlandırıb və parlamenti bu məsələyə reaksiya verməyə çağırıb.

Raifipur cümə günü X sosial şəbəkəsindəki hesabında yazıb: «Hökumətin ana dilində təhsil layihəsi İranın federallaşdırılmasına yönəlmiş çox təhlükəli layihədir!» O, deputatların susmasını tənqid edərək soruşub: «Bilmirəm, niyə heç kim səsini çıxarmır? Parlament haradadır? Bu susqunluq da həmrəylik naminədir? Həmrəylik hansı qiymətə?»

Radikal cərəyanın bu təbliğatçısı həmçinin iddia edib ki, Məsud Pezeşkian Həsən Ruhani hökumətinin belə ağlına gətirmədiyi addımları sürətlə atır. Daha sonra o, hədələyib ki, onun sözləri ilə desək, «ölkənin bütövlüyünü sual altına qoyan» istənilən addım qarşısında susmayacaq.

Bu açıqlamalar fonunda qeyd edək ki, ana dilində təhsil Azərbaycan türklərinin və İrandakı digər milli qrupların çoxdankı tələblərindən biridir və dünyada qəbul olunmuş insan hüququ sayılır.

İran parlamenti 2025-ci ilin fevralında məktəblərdə ana dillərinin ədəbiyyatının həftədə 2 saat tədrisi layihəsini rədd edib. Pezeşkian hökuməti də o zaman ana dillərinin fars dili ilə yanaşı tədrisini dəstəklədiyini bəyan etmişdi. Lakin hökumətin sözçüsü Fatimə Mühacirani vurğulamışdı ki, bu dəstək ana «dilində» təhsil demək deyil. Onun sözlərinə görə, söhbət yalnız millətlərin, onların ifadəsi ilə desək, «etnik qrupların» dillərinin ədəbiyyatının bir neçə saat tədrisindən gedir.

Raifipur son açıqlamalarında dondurulmuş və Pezeşkian hökumətinin də irəli aparmadığı layihəni şişirtməklə mərkəziyyətçi sistemin hisslərini qızışdırmağa çalışır. İndiyədək hökumətin ana dilində təhsil, yaxud heç olmasa ana dilinin tədrisi ilə bağlı yeni layihəsinin rəsmi təfərrüatları təsdiqlənməyib.

Bu xəbəri paylaşın