ArazNews
Ana Səhifə / Xəbər / Çox isti çay ürəyi qorumaq əvəzinə ürək xəstəliyi riskini artırır
Xəbər

Çox isti çay ürəyi qorumaq əvəzinə ürək xəstəliyi riskini artırır

Çox isti çay ürəyi qorumaq əvəzinə ürək xəstəliyi riskini artırır

Bir çox iranlı üçün səhər yeməyinin və qonaqlıqların daimi yoldaşı olan çay həddindən artıq isti olmamaq şərtilə ürək sağlamlığına fayda verə bilər. Çində aparılan geniş miqyaslı araşdırma göstərib ki, həftədə ən azı üç gün çay içən insanlarda ürək-damar xəstəlikləri riski təxminən 11 faiz aşağıdır. Lakin çayı çox isti içənlərdə bu risk müntəzəm çay içməyənlərlə müqayisədə 16 faiz yüksəkdir.

Tədqiqatçılar Çində təxminən 485 min yetkin şəxsi, yəni yarım milyona yaxın insanı təqribən 9 il müşahidə altında saxlayıblar. Onlar bu insanların çay içmə vərdişlərini, eləcə də ürək xəstəliyinə, insulta və ayaq arteriyalarının tıxanmasına tutulma hallarını qeydə alıblar. Otaq temperaturunda olan və ya yandırmayan isti çay daha aşağı risklə əlaqəli olub. Bu faydalı təsiri əksinə çevirən yeganə amil çayın çox isti içilməsi olub.

Əksər İran evlərində dəmlənən qara çay yaşıl çayla müqayisədə riskin azalması ilə daha güclü və davamlı əlaqə göstərib. Bu, ehtimal ki, qara çayın istehsalı zamanı yarpaqların fermentasiyaya uğraması və iltihabı azaldan birləşmələrin yaranması ilə bağlıdır. Ən aşağı risk orta tündlükdə olan çayda müşahidə olunub. Bütün iştirakçılar arasında isə ən az risk altında olanlar çay içən, siqaret çəkməyən və fiziki cəhətdən aktiv olan şəxslər olub.

Bununla belə, araşdırmada yalnız insanların vərdişləri izlənilib və o, bu fərqə məhz çayın özünün səbəb olduğunu sübut edə bilmir, çünki çay içənlər həyat tərzinin başqa cəhətlərinə görə də digərlərindən fərqlənə bilərlər.

Daha əvvəl Gülüstan ostanında 50 mindən çox insanı əhatə edən başqa bir araşdırma da göstərmişdi ki, 60 dərəcə Selsidən isti çayı çox miqdarda içmək qida borusu xərçəngi riskini təxminən iki dəfə artırır. Qida borusu qidanı mədəyə çatdıran borudur. Yeni nəticələr göstərir ki, çox isti çay qida borusu ilə yanaşı, ürəyə də zərər vura bilər.

Əgər çayı süzən kimi içməyə öyrəşmisinizsə, bir neçə dəqiqə gözləməyiniz daha yaxşıdır. Belə ki, çay rahatlıqla qurtum-qurtum içə biləcəyiniz qədər soyumalıdır.