ABŞ prezidenti Donald Tramp paylaşdığı mesajda yazıb ki, husi silahlı qruplaşması, ehtimal ki, İslam Respublikasının göstərişi ilə Səudiyyə Ərəbistanına hücum edib. Onun sözlərinə görə, husilər ABŞ-dakı seçkilərdən əvvəl neft qiymətlərini qəsdən artırmağa çalışırlar.
Tramp İranı nə hərbi dəniz qüvvələri, nə də hərbi hava qüvvələri olan «məğlub olmuş ölkə» adlandırıb. O, İranda «dünyanın ən pis iqtisadiyyatı»ndan və 301 faizlik inflyasiyadan danışıb.
ABŞ prezidenti yazıb ki, husilərin bir il əvvəl dərslərini aldıqlarını düşünürdü. O zaman ABŞ onları şiddətlə bombalamış və onların öz xahişi ilə hücumları dayandırmışdı. Tramp əlavə edib: «Kimsə onlara deməlidir ki, mən seçkilərdə namizəd deyiləm və artıq böyük fərqlə qalib gəlmişəm. Amma seçkilərdən sonra da buradayam və heç vaxt unutmuram!»