ArazNews
Ana Səhifə / Bölgə / Hörmüz boğazına nəzarət üstündə mübahisə: CENTCOM SEPAH-ın iddiasını rədd edib
Bölgə

Hörmüz boğazına nəzarət üstündə mübahisə: CENTCOM SEPAH-ın iddiasını rədd edib

Hörmüz boğazına nəzarət üstündə mübahisə: CENTCOM SEPAH-ın iddiasını rədd edib

ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının bağlı olması və bu su yolunun İslam Respublikası tərəfindən tam nəzarətdə saxlanılması barədə iddiasını rədd edib. CENTCOM bu marşruta ABŞ-ın və onun regional tərəfdaşlarının nəzarət etdiyini bildirib.

CENTCOM oktyabrın 8-də, cümə axşamı X sosial şəbəkəsində açıqlama yayıb. Açıqlamada Hörmüz boğazında gəmilərin hərəkətinin davam etdiyi, kommersiya və enerji yüklərinin, o cümlədən təxminən 20 milyon barel xam neftin bu marşrutdan keçdiyi bildirilib.

Bu mövqe SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının siyasi işlər üzrə müavini Əli Məhəmmədinin açıqlamalarına cavab olaraq yayılıb. Məhəmmədi amerikalı rəsmilərin neft tankerlərinin keçid həcmi ilə bağlı iddialarını şübhə altına alıb. O, SEPAH-ın Körfəzdə, Hörmüz boğazında və Oman dənizində gəmilərin hərəkətinə «tam nəzarət etdiyini» deyib.

İran ilə ABŞ arasında müharibə başlayandan bəri Hörmüz boğazında gəmilərin hərəkəti ciddi şəkildə pozulub. Lakin tərəflərin hər birinin bu su yoluna real olaraq nə dərəcədə nəzarət etdiyi və boğazdan keçən neftin həcmi barədə fərqli məlumatlar yayılır.