Monteneqro polisi İran və Türkiyə vətəndaşı olan 40 yaşlı Əmir Baratini ABŞ-a təhvil verdiyini açıqlayıb. Barati Nyu-Yorkda kompüter sistemlərinə icazəsiz daxil olma, dələduzluq və şəxsiyyət oğurluğu kimi ittihamlarla üz-üzədir.
ABŞ prokurorlarının sözlərinə görə, o, «Mabna İnstitutu» vasitəsilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün məlumat toplayan şəbəkənin üzvü olub. Bu şəbəkə 144 Amerika universitetinin və digər ölkələrdəki 178 universitetin sistemlərinə daxil olub. Bundan əlavə, professorlara məxsus təxminən səkkiz min e-poçt hesabı və ən azı 31,5 terabayt elmi məlumat da bu şəbəkənin əlinə keçib.
Prokurorlar bildirib ki, Barati fişinq hücumlarına nəzarət edir və hədəflərin siyahısını hazırlayırdı. O, daha əvvəl ABŞ-ın tələbi ilə sahil şəhəri Kotorda həbs olunmuşdu.