İraq Hava Yolları təxminən yeddi aylıq fasilədən sonra oktyabr ayında İrana uçuşları bərpa etməyə hazırlaşır. ABŞ Maliyyə Nazirliyi bu uçuşların həyata keçirilməsi üçün 28 oktyabradək (6 aban) müvəqqəti istisna verib.
Bu uçuşlar yalnız Nəcəf hava limanı vasitəsilə və iranlı zəvvarların daşınması üçün həyata keçiriləcək. İraq rəsmiləri uçuşların texniki və icra prosedurları tamamlandıqdan sonra başlayacağını açıqlayıblar. Uçuş cədvəli və bilet satışı barədə hələ məlumat verilməyib.
ABŞ-ın icazəsi sərt məhdudiyyətlərə, o cümlədən sanksiyaya məruz qalmış şəxslərin, hərbi yüklərin və böyük həcmdə nağd pulun daşınmasına qadağaya əməl olunması şərtinə bağlıdır. Bu istisna İranın aviasiya sənayesinə qarşı sanksiyaların ümumilikdə ləğv edilməsi anlamına gəlmir.