ABŞ Müdafiə Nazirliyi AMRAAM raketlərinin istehsalını sürətlə artırmaq üçün RTX-in törəmə şirkəti Raytheon ilə 20,7 milyard dollar dəyərində çoxillik və şərti müqavilə imzalayıb. Bu addım Yaxın Şərqdəki və Ukraynadakı müharibələr nəticəsində ABŞ-ın sursat ehtiyatlarının azalması ilə bağlı narahatlıq fonunda atılır.
Reuters-in məlumatına görə, ABŞ son illər müttəfiqlərinə böyük həcmdə silah verib, eyni zamanda İrana qarşı hərbi əməliyyatlarında da sursatdan istifadə edib. Bu isə hava hücumundan müdafiə raketləri və yüksək dəqiqlikli idarəolunan silahların ehtiyat səviyyəsi ilə bağlı narahatlığı artırıb.
AMRAAM raketi hava-hava döyüşləri ilə yanaşı, NASAMS hava hücumundan müdafiə sistemində də istifadə olunur. Bu sistem Vaşinqton ərazisini qoruyur və Ukrayna, Oman və Qətər də daxil olmaqla ondan çox ölkənin sərəncamındadır.
Bu müqavilə Pentaqonun iri silah alışları silsiləsinin davamıdır. ABŞ daha əvvəl Lockheed Martin ilə Patriot tutucu raketləri üçün 58,6 milyard dollarlıq müqavilə bağlamışdı.
RTX açıqlayıb ki, 2025-ci ildə AMRAAM istehsalı təxminən iki dəfə artıb və şirkət illik istehsal gücünü ən azı 1900 ədədə çatdırmağı hədəfləyib. 20,7 milyard dollarlıq müqavilənin tam icrası hələ də ABŞ Konqresinin maliyyə ayırmasından asılıdır.