Mülki geyimdə olan bir təhlükəsizlik əməkdaşı cümə axşamı axşamüstü Saravanın Müəllim küçəsində atəşə tutulub və xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib.
"Halvəş" nəşri yerli mənbələrə istinadən yazıb ki, bu şəxs saat 20 radələrində öz evinin qarşısında bir minik avtomobilinin sərnişinlərinin açdığı atəşin hədəfinə çevrilib və yaralarının ağırlığı üzündən Razi xəstəxanasında həyatını itirib.
Məlumata görə, öldürülən şəxs mülki geyimli təhlükəsizlik qüvvələrindən olub, lakin onun kimliyi və hansı quruma bağlı olduğu barədə dəqiq məlumat indiyədək açıqlanmayıb. Hücumçuların kimliyi və hücumun motivi də bəlli deyil, heç bir qrup bu barədə məsuliyyəti öz üzərinə götürməyib.
İslam Respublikası rəsmiləri bu atəş açma hadisəsi ilə bağlı hələ ki rəsmi açıqlama verməyiblər.