Qaz balanssızlığının kəskinləşməsi İranın enerjitutumlu sənayelərini qışın ərəfəsində geniş miqyaslı yanacaq məhdudiyyəti, istehsalın azalması və ixracın aşağı düşməsi təhlükəsi ilə üz-üzə qoyub.
"Dünyaye-e Eqtesad" qəzeti istehlakın artması, qaz yataqlarına investisiyanın azalması, infrastrukturun köhnəlməsi və saxlama tutumunun aşağı olması kimi amilləri təklif və tələb arasındakı uçurumun dərinləşməsinin səbəbləri kimi göstərib. Açıqlanan məlumatlar da göstərir ki, İranın qaz balansı 1420-ci il (2041-2042) üfüqündə də mənfi olaraq qalacaq.
Ekspertlər xəbərdarlıq ediblər ki, soyuq mövsümdə istehlakın artması ilə sənayeyə qaz məhdudiyyəti istehsalın, ixracın və investisiyanın azalmasına səbəb ola bilər. Elektrik stansiyalarına verilən qazın azalması da elektrik enerjisi qıtlığının kəskinləşməsi və sənayeyə əlavə məhdudiyyətlərin tətbiqi təhlükəsini özü ilə gətirir.
Uzunmüddətli qiymətləndirmələr göstərir ki, mövcud tendensiya davam etdiyi təqdirdə, gələcək illərdə gündəlik qaz kəsiri yüzlərlə milyon kubmetrə çata bilər. Geniş miqyaslı investisiya, istehsalın artırılması və istehlakın tənzimlənməsi olmadan bu böhranın İranın sənaye sektoruna təzyiqi daha da şiddətlənəcək.