Livan, İsrail və ABŞ atəşkəsin uzadılması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Razılaşmaya əsasən, Hizbullahın hücumları dayandırması və qüvvələrini Litani çayının cənubundan çıxarması atəşkəsin davam etməsinin əsas şərtləri kimi müəyyən edilib.
ArazNews-un məlumatına görə, Livan, İsrail və ABŞ birgə bəyanat yayaraq tərəflər arasında atəşkəsin uzadılması barədə razılığa gəldiklərini bildiriblər.
Razılaşmaya əsasən, atəşkəs Hizbullahın bütün hücumları dayandırması və təşkilat qüvvələrinin İsrail sərhədi yaxınlığında yerləşən Litani çayının cənubundakı ərazilərdən geri çəkilməsi şərti ilə qüvvədə qalacaq.
Bəyanatda həmçinin yalnız Livan ordusunun nəzarətində olacaq təhlükəsizlik zonalarının yaradılacağı qeyd olunub. Bu ərazilərdə heç bir qeyri-dövlət silahlı qrupunun fəaliyyət göstərməsinə icazə verilməyəcək.
Razılaşmanı imzalayan tərəflər bu addımların gələcəkdə Livan və İsrail arasında daha geniş sülh və təhlükəsizlik razılaşmasının əldə olunmasına zəmin yaradacağına ümid etdiklərini bildiriblər.