Reuters: Səudiyyə Ərəbistanı gizli şəkildə İranda hədəfləri vurub
Reuters agentliyinin Qərb və İran mənbələrinə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı son Yaxın Şərq müharibəsi zamanı gizli şəkildə İran daxilində bir neçə hərbi hücum həyata keçirib.
Araz News-in Reuters-ə istinadən verdiyi məlumata görə, bu hücumların Səudiyyə hava qüvvələri tərəfindən mart ayının sonlarında həyata keçirildiyi və İran rejiminin Səudiyyə ərazisinə qarşı raket və pilotsuz uçuş aparatları hücumlarına cavab olduğu bildirilir.
Məlumata əsasən, bu hücumlardan və Ər-Riyadın daha sərt reaksiyalar barədə xəbərdarlığından sonra İranın Səudiyyəyə qarşı birbaşa hücumlarının səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb və tərəflər müharibənin genişlənməsinin qarşısını almaq üçün intensiv diplomatik təmaslara başlayıblar.
Reuters yazır ki, bu, Səudiyyə Ərəbistanının ilk dəfə birbaşa İran ərazisində hərbi əməliyyat keçirməsidir və bu məsələ Ər-Riyadın İran rejiminə qarşı təhlükəsizlik siyasətində ciddi dəyişikliyi göstərir.
Bu hesabat həmçinin vurğulayır ki, İran rejiminin ABŞ və İsraillə müharibəsi, rəsmi narrativlərin əksinə olaraq, faktiki olaraq ərəb körfəzi ölkələrini də Tehranla birbaşa qarşıdurmaya daxil edib.