CNN ABŞ kəşfiyyat qurumlarının qiymətləndirməsinə istinadən yazıb ki, İran rejiminin yeni lideri Müctəba Xamenei İsrail hücumu nəticəsində ağır yaralansa da, hələ də rejimin strateji qərarlarında iştirak edir.
ArazNews-un məlumatına görə, CNN amerikalı rəsmilərə istinadən bildirib ki, Müctəba Xamenei müharibənin dayandırılması ilə bağlı danışıqların idarə olunması və İran rejiminin strategiyasının müəyyənləşdirilməsində digər yüksəkvəzifəli şəxslərlə birlikdə çalışır. Bununla belə, hakimiyyət strukturunda son qərarın kim tərəfindən verildiyi hələ də tam aydın deyil.
Məlumata əsasən, Müctəba Xamenei 9 esfənd tarixində Tehranda rəhbərlik iqamətgahına edilən İsrail hücumunda ağır yaralanıb və hazırda müalicə olunur. ABŞ mənbələri onun üz, qol, bədənin yuxarı hissəsi və ayağından xəsarət aldığını bildirib.
CNN həmçinin yazıb ki, İran rejiminin yeni lideri naməlum yerdə və ciddi təhlükəsizlik tədbirləri altında saxlanılır. ABŞ hələ də onun yerini dəqiq müəyyən edə bilməyib.
Hesabatda qeyd olunur ki, Müctəba Xameneinin yeni foto və videolarının yayımlanmamasının səbəbi ağır yaralarının görünməsi və danışmaqda çətinlik çəkməsidir.
Bundan əvvəl New York Times və Reuters də İranlı mənbələrə istinadən Müctəba Xameneinin ABŞ və İsrailin birgə hücumlarında ağır yaralandığını və hələ də tibbi müalicə aldığını yazmışdı.