Tehran–Vaşinqton–Təl-Əviv gərginliyi İslamabad danışıqları ərəfəsində artdı
İran və ABŞ arasında Pakistanda keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində Tehran, Vaşinqton və İsrail arasında gərginliyin artdığı və iki həftəlik atəşkəsin ciddi təzyiq altında olduğu bildirilir.
ArazNews-un məlumatına görə, Reuters-ə istinadən ABŞ rejim İrani Hörmüz boğazını açmaqla bağlı öhdəliklərinə əməl etməməkdə ittiham edib. Tehran isə İsrailin Livana hücumlarını atəşkəsin pozulması kimi qiymətləndirərək bunu razılaşmanın icrasına əsas maneə adlandırıb.
Məlumata əsasən, atəşkəsin başlamasından 24 saat keçməsinə baxmayaraq, Hörmüz boğazından yalnız məhdud sayda gəmi keçib. Halbuki müharibədən əvvəl bu marşrutdan gündə təxminən 140 gəmi istifadə edirdi. Eyni zamanda İsrailin Livana hücumları və Hizbullah ilə qarşılıqlı atəş davam edib. İsrail ordusu bir neçə raket buraxılış platformasını vurduğunu və atılan bir raketi zərərsizləşdirdiyini açıqlayıb.
Tərəflər arasındakı əsas fikir ayrılığı Livanın atəşkəsə daxil olub-olmaması ilə bağlıdır. ABŞ və İsrail Livanın bu razılaşmaya daxil olmadığını bildirir, İran və Pakistan isə əksinə, onun da atəşkəs çərçivəsinə daxil olduğunu vurğulayır.
Danışıqlar öncəsi İran Hörmüz boğazına nəzarətin saxlanılması, nüvə zənginləşdirməsinin davamı və sanksiyaların ləğvini tələb edir. İsrail isə Hizbullahın silahsızlaşdırılmasını və Livanla birbaşa danışıqların başlanmasını istəyir.