İsrail: İranla iki həftəlik atəşkəsi dəstəkləyirik, Livan bu razılaşmaya daxil deyil
İsrail baş nazirinin ofisi ABŞ-ın İrana qarşı hücumları iki həftəlik dayandırmaq qərarını dəstəklədiyini açıqlayıb, lakin bu atəşkəsin Livanı əhatə etmədiyini bildirib.
Araz News-un məlumatına görə, İsrail mediasına istinadən bildirilib ki, Benyamin Netanyahunun ofisi ABŞ-ın planını İranın Hörmüz boğazını açması və hücumları dayandırması şərti ilə dəstəkləyir.
Bu açıqlama Vaşinqtonun gərginliyi azaltmaq və danışıqlara zəmin yaratmaq məqsədilə müvəqqəti atəşkəs elan etməsindən sonra səsləndirilib.
İsrail rəsmiləri eyni zamanda vurğulayıblar ki, bu razılaşma Livanı əhatə etmir və Hizbullah-a qarşı əməliyyatlar davam edəcək.
İran isə ABŞ ilə danışıqların 10 aprel tarixində İslamabadda başlanacağını açıqlayıb.
Məlumatlara görə, Livandakı toqquşmalar nəticəsində indiyədək ən azı 1500 nəfər həlak olub, bir milyondan çox insan isə didərgin düşüb.