Keçmiş iranlı diplomat ABŞ ilə mümkün razılaşma planlarından danışdı

5 saat əvvəl 1 dəq oxu Editorial Board
Keçmiş iranlı diplomat ABŞ ilə mümkün razılaşma planlarından danışdı


Keçmiş İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ ilə mümkün razılaşma çərçivəsində yeni təkliflər irəli sürüb.


ArazNews-un Associated Press-ə istinadən verdiyi məlumata görə, Zərif müharibənin sona çatdırılması üçün İranın uran zənginləşdirmə səviyyəsini azaltmağa hazır ola biləcəyini bildirib.

O qeyd edib ki, İran zənginləşdirməni 2015-ci il nüvə sazişində müəyyən edilmiş 3.67 faizdən aşağı səviyyəyə endirə bilər. Bu isə ABŞ prezidenti Donald Trampın “İran heç bir zənginləşdirmə aparmamalıdır” mövqeyi ilə ziddiyyət təşkil edir.


Zərif həmçinin Çin və Rusiya kimi ölkələrin iştirakı ilə regional ortaq nüvə obyektinin yaradılmasını təklif edib. Bu modelə əsasən, İran bütün zənginləşdirmə material və avadanlıqlarını həmin mərkəzə köçürə bilər.


O əlavə edib ki, Tehran və Vaşinqton arasında diplomatik gərginliyin azaldılması üçün qarşılıqlı olaraq maraqların qorunması ofisləri vasitəsilə konsulluq xidmətləri bərpa edilə və vətəndaşların səfər məhdudiyyətləri yumşaldıla bilər.


Qeyd edək ki, İran və ABŞ arasında rəsmi diplomatik əlaqələr 1980-ci ildən, girov böhranından sonra kəsilib.