İran və İsrail arasında müharibə davam edərkən tərəflər bir-birinə qarşı geniş hava hücumları həyata keçirib; eyni zamanda İran rəsmiləri Donald Trampın Tehranla Vaşinqton arasında danışıqların aparıldığı barədə iddiasını rədd edib.
ArazNews-in Reuters-ə istinadən verdiyi xəbərə görə, İsrail ordusu Tehranda infrastruktur hədəflərinə qarşı hücumlar həyata keçirdiyini və iki dəniz qanadlı raket istehsal mərkəzini vurduğunu açıqlayıb. Buna cavab olaraq, Sepah yeni hücum dalğasının başladığını və Tel-Əvivlə yanaşı Küveyt, İordaniya və Bəhreyndəki ABŞ bazalarının hədəf alındığını bildirib.
Eyni zamanda İran Silahlı Qüvvələrinin baş komandanlığının sözçüsü «ABŞ ilə heç bir danışıq yoxdur» deyərək Trampın iddiasını təkzib edib. Bu, ABŞ tərəfindən müharibəni bitirmək üçün 15 maddəlik planın təqdim olunduğu xəbərləri fonunda baş verir, lakin İran rəsmiləri hazırkı diqqətin müharibəyə yönəldiyini vurğulayıb.