Avropa ölkələri və Yaponiya Hörmüz boğazında təhlükəsiz keçid üçün hazır olduqlarını açıqladı
Avropa ölkələri və Yaponiya birgə bəyanat yayaraq İranın bölgədəki addımlarını pisləyib və enerji bazarının sabitliyi ilə yanaşı gəmiçilik təhlükəsizliyinin təmininə hazır olduqlarını açıqlayıb.
ArazNews-un məlumatına görə, Reuters-ə istinadən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland və Yaponiya son hücumlarda silahsız ticarət gəmilərinin, mülki infrastrukturların, o cümlədən neft və qaz obyektlərinin hədəf alınmasını və Hörmüz boğazında hərəkətin məhdudlaşdırılmasını kəskin şəkildə qınayıb.
Bəyanatda gərginliyin artmasından narahatlıq ifadə olunaraq İrandan dərhal təhdidlərə, mina yerləşdirilməsinə, pilotsuz uçuş aparatları və raket hücumlarına son qoyması və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə əməl etməsi tələb olunub.
İmzacı ölkələr vurğulayıb ki, gəmiçilik azadlığı beynəlxalq hüququn əsas prinsiplərindəndir və son hadisələr qlobal enerji təchizat zəncirini poza, beynəlxalq təhlükəsizliyi təhdid edə bilər.
Bəyanatda həmçinin bu ölkələrin Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması üçün səylərə qatılmağa hazır olduqları, Beynəlxalq Enerji Agentliyinin strateji neft ehtiyatlarının istifadəsi qərarını dəstəklədikləri bildirilib. Onlar enerji bazarının sabitləşdirilməsi üçün istehsalçı ölkələrlə əməkdaşlıq edəcəklərini və zərər görmüş ölkələrə beynəlxalq mexanizmlər vasitəsilə dəstək verəcəklərini də qeyd ediblər.