Ejeyi: “Düşmenle əməkdaşlıq edən iranlıların” malları müsadirə olunacaq
ArazNews-un Tasnim-ə istinadən verdiyi məlumata görə, İran rejiminin məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni Ejeyi hökumətin ABŞ və İsraillə əlaqəli olduğunu iddia etdiyi şəxslərə qarşı hökmlərin sürətlə çıxarılıb icra edilməsini tələb edib.
Ejeyi bildirib ki, hökumətin “təcavüzkar düşmən” adlandırdığı tərəflərlə əməkdaşlıq edən şəxslərə qarşı hökmlərin verilməsi və icrasında heç bir gecikmə və ya güzəşt olmamalıdır. Onun sözlərinə görə, bu qərarların sürətlə icrası “çəkinmə təsirini gücləndirmək” üçün vacibdir.
İran daxilində yayılan məlumatlara görə, son həftələrdə müxtəlif şəhərlərdə geniş əməliyyatlar keçirilib və İsrail və ABŞ-la əməkdaşlıq ittihamı ilə yüzlərlə nəfər saxlanılıb. Rəsmilər bazar günü Şimal-Qərbi İranda da azı 20 nəfərin bu ittihamla həbs edildiyini açıqlayıblar.
Ejeyi əlavə edib ki, xaricdə yaşayan və hökumətin “düşmən” adlandırdığı tərəflərlə əməkdaşlıq edən iranlıların da əmlakı müsadirə ediləcək və bu qərarın icrası daha sürətli həyata keçirilməlidir.