Reuters: Sepah Müctəba Xameneinin lider seçilməsində həlledici rol oynayıb
Reuters-in yaydığı məlumata görə, İran Sepahı ruhani və siyasi fiqurlara təzyiq göstərərək Müctəba Xameneinin İran İslam Respublikasının yeni lideri seçilməsində həlledici rol oynayıb.
ArazNews-un Reuters-ə istinadən verdiyi xəbərə görə, bir neçə yüksək səviyyəli İran mənbəsi bildirib ki, Sepah Məclisi-Xobreqan üzvlərinə təzyiq göstərərək və bəzi ruhani və siyasətçilərin etirazlarını kənara qoyaraq Müctəba Xameneinin lider seçilməsini irəli aparıb.
Mənbələrin sözlərinə görə, Sepah onu öz sərt siyasətlərini dəstəkləyəcək namizəd hesab edirdi. Müharibə şəraitində isə sürətli qərar vermə zərurəti əsas gətirilərək bəzi ruhani dairələrin etirazları aradan qaldırılıb və seçim prosesi sürətləndirilib.
Hesabatda həmçinin qeyd olunur ki, Müctəba Xameneinin lider seçilməsinin elan edilməsindən təxminən üç gün keçməsinə baxmayaraq, o hələ də heç bir ictimai mesaj və ya çıxış yayımlamayıb. Bəzi mənbələr bunun təhlükəsizlik səbəbləri və ya son hücumlarda yaralanması ilə bağlı ola biləcəyini ehtimal edir, lakin bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.
Reuters həmçinin yazır ki, Müctəba Xameneinin seçilməsi ilə Sepahın hakimiyyət strukturundakı təsiri daha da artıb və bu vəziyyət gələcəkdə hökumətin daxili və xarici siyasətində daha sərt yanaşmaya səbəb ola bilər.