İranın Ekspertlər Məclisinin ən azı iki mühafizəkar üzvü bu qurumun yeni rəhbər barədə yekun qərara gəldiyini və rəhbərin artıq seçildiyini bildirib, lakin onun adı hələ açıqlanmayıb.
ArazNews-un məlumatına görə, Mehr və İSNA agentlikləri bu açıqlamaları yayıb. İranın keçmiş ali rəhbərinin Məşhəddəki nümayəndəsi Əhməd Ələmülhüda Mehr agentliyinə deyib: “Rəhbərliklə bağlı seçki keçirilib və rəhbər müəyyən edilib.” O əlavə edib ki, bu qərarın elan edilməsi artıq Ekspertlər Məclisinin katibliyinin səlahiyyətindədir.
Ekspertlər Məclisində Xuzistanı təmsil edən Möhsün Heydəri də İSNA agentliyinə bildirib ki, “məclisin əksəriyyətinin təsdiqlədiyi ən uyğun namizəd seçilib” və əlavə edib: “Diqqətəlayiq məqam budur ki, hətta ‘Böyük Şeytan’ da nümayəndələrin seçdiyi şəxs barədə ad çəkib.”
Son günlər Əli Xameneinin oğlu Müctəba Xameneinin adı yenidən İran rəhbərliyi üçün mümkün namizədlərdən biri kimi gündəmə gətirilir. Bu açıqlamalar isə İsrailin daha əvvəl Ekspertlər Məclisinin üzvlərinə və onların seçəcəyi namizədə qarşı hücum edilə biləcəyi barədə xəbərdarlıq etdiyi bir vaxtda səsləndirilib.