2022-ci ildə ölkəni bürüyən etirazlar zamanı həbs edilən və "Ekbatan qəsəbəsi" işi kimi tanınan iş üzrə edama məhkum olunan Milad Armun və Navid Nəccaran hökmlərin icrası dayandırıldıqdan sonra təkadamlıq kameralardan Kərəcdəki Qızılhesar həbsxanasının ümumi bloklarına qaytarılıb.
"İranda İnsan Haqları Fəalları" təşkilatına bağlı HRANA xəbər agentliyi noyabrın 28-də, şənbə günü bildirib ki, Armun bir neçə gün əvvəl həbsxananın 3-cü bölməsinin 33-cü blokuna köçürülüb. Nəccaran isə şənbə günü günorta saatlarında təkadamlıq kameradan həmin bölmənin 36-cı blokuna qaytarılıb.
Bu iki məhbus noyabrın ortalarında edam hökmlərinin yaxın vaxtda icra olunacağı ilə bağlı narahatlıqlar artdıqdan sonra Qızılhesar həbsxanasının 3-cü bölməsinin 35-ci blokuna köçürülmüşdü.
Yayılan məlumata görə, Armun və Nəccaran təkadamlıq kameralara köçürülməzdən əvvəl eyni blokda saxlanılırdılar, lakin hazırda iki ayrı blokda həbsdədirlər.
Məhbuslar ötən həftə onların edam hökmlərinin noyabrın 25-də, çərşənbə günü sübh tezdən icra oluna biləcəyi barədə xəbərlər yayıldıqdan sonra köçürülüb.