cümə, 27 noyabr 2026
Azərbaycan

Hökumətin Şərqi Azərbaycanın sənaye şəhərciklərinə fasiləsiz elektrik enerjisi vədi yerinə yetirilməyib

Hökumətin Şərqi Azərbaycanın sənaye şəhərciklərinə fasiləsiz elektrik enerjisi vədi yerinə yetirilməyib

Təbriz Ticarət Palatasının müraciətlərindən sonra Şərqi Azərbaycanın sənaye şəhərciklərində yerləşən müəssisələrdə elektrik enerjisinin məhdudlaşdırılmasının və ya kəsilməsinin başlama saatı 18:00-a keçirilib.

Axşam növbəsində işləyən fabriklər hələ də istehsal xəttinin dayanması təhlükəsi ilə üz-üzədir. Halbuki Energetika nazirinin müavini Mustafa Rəcəbi Məşhədi 20 mehrdə (12 oktyabr) sənaye şəhərciklərinin və tələbatı 2 meqavatdan az olan müəssisələrin elektrik enerjisi ilə məhdudiyyətsiz təmin olunacağını vəd etmişdi.

"Tavanir" şirkətinin baş direktoru Məhəmməd Allahdad elektrik stansiyalarında yanacaq çatışmazlığını kəsintilərin yenidən başlamasının səbəbi kimi göstərib və bildirib ki, istehsal üçün lazım olan elektrik enerjisini təmin etmək məqsədilə 1 azərdən (22 noyabr) etibarən evlərin və ticarət obyektlərinin elektrik enerjisi növbə ilə kəsiləcək. Energetika Nazirliyi daha əvvəl iri sənaye müəssisələrinə gecə saat 22:00-dan səhər saat 10:00-dək məhdudiyyətsiz elektrik enerjisi ala biləcəklərini, kvotadan artıq istehlak üçün isə elektrik enerjisini Enerji Birjasından almalı olduqlarını bildirmişdi. Hazırda evlərdə növbəli kəsintilərə baxmayaraq, Şərqi Azərbaycanın sənaye şəhərciklərində də məhdudiyyətlər davam edir.

Sobası sıradan çıxan fabrik üçün kəsinti saatının dəyişdirilməsi istehsalın dayanmasından yaranan zərəri ödəmir. Təbriz Ticarət Palatasının Sənaye və energetika komissiyasının sədri Yunus Əkbərpur Paydar mordad ayında (iyul-avqust) bildirmişdi ki, əyalətdə istehlakı 2 meqavatdan yuxarı olan müəssisələrə verilən elektrik enerjisi 55 faiz azalıb, bəzi polad müəssisələri isə hətta sobanı prokat üçün lazım olan temperatura çatdırmağa kifayət edəcək qədər elektrik enerjisi almır.

Bu xəbəri paylaşın