çərşənbə, 18 noyabr 2026
Məqalə

Səttarxandan Aylar Haqqiyə qədər: türk kimliyində israr etməyin bədəli

Səttarxandan Aylar Haqqiyə qədər: türk kimliyində israr etməyin bədəli

Dünən Təbatəbainin, bu gün isə Cəfərinin ölüm ildönümüdür. Onlardan birincisi türk kimliyindən tamamilə üz döndərib, ikincisi isə öz kimliyini müəyyən qədər qoruyub saxlayıb. Bu gün həm də Səttarxanın, Aylar Haqqinin və Kian Pirfələkin öldürüldüyü gündür.

Atabəy parkı faciəsi yalnız Səttarxanın qətli ilə nəticələnmədi, Azərbaycanın mübariz və fəallarından ibarət bütöv bir nəsli də aradan apardı. Məclis bağlananda Azərbaycan müqaviməti onun yenidən açılması əmrini verdi. Lakin məhz Məclisin yenidən açılmasının ildönümündə Tehran nəzmiyyəsinin rəisinin komandanlığı altında hökumət qüvvələri Səttarxanın silahdaşlarına hücum etdi. Dörd saat ərzində bir neçə top və bir sıra altmışatımlı pulemyotdan istifadə edərək bizdən 300 nəfəri öldürdülər, yüzlərlə insanı yaraladılar, yüzlərlə insanı da həbs etdilər. Bu qədər Azərbaycan mücahidinin və mübarizinin, özü də əvvəlcədən hazırlanmış plan əsasında qətlə yetirilməsinin məqsədi məhz Azərbaycanı İranın siyasi səhnəsindən uzaqlaşdırmaq idi. O dövrdə Azərbaycanda ictimai və siyasi həyatda nüfuzlu şəxslər çox olmadığına görə Atabəy parkında vurulan zərbə nəticəsində sonrakı illərin hadisələrində və hakimiyyət dəyişikliyi dövründə rol oynaya, öz mənafeyimizi qoruya bilmədik. Bu gün Atabəy parkı faciəsini unutmamalı və ondan dərs almalıyıq.

Aylar Haqqi həm Azərbaycan milli hərəkatının, həm də «Qadın, həyat, azadlıq» hərəkatının simvoluna çevrilən az sayda insandan biri idi və kimliyinin bir tərəfini digərinə qurban vermədi. Bəlkə də elə buna görə «Qadın, həyat, azadlıq» hərəkatının mərkəzçi qanadı ona o qədər də maraq göstərmədi. Onlar «pantürk» damğası vurmaqla ziyalılarımızı öz dil kimliyindən imtina etməyə məcbur etməyi yaxşı bacarırlar. Aylar Haqqinin atası bu ittihamı öz canında hiss etdiyindən daim ona reaksiya verir. İki il əvvəl Qasım Osmani Qərbi Azərbaycan ostanının valisi seçilərkən valinin təqdim edilməsindəki gecikməni pantürkistlərin hədsiz tələblərinin nəticəsi kimi qələmə verəndə Aylar Haqqinin atası ona cavab olaraq yazmışdı: «Biz pantürkizm deyilik, türkük və bu torpağın sahibiyik».

Çünki Aylar Haqqinin atası «pantürk» sözünün repressiv yükünü bilir: bu söz ortaya atılanda insanı ağır seçim qarşısında qoyur: ya türklüyündən keçib ondan imtina etməli, ya da bütün vətəndaşlıq hüquqlarından məhrum olmalıdır. O zaman ölümünə də kədərlənən olmur. Aylar kimilərinin adı və xatirəsi mediada başqalarına nisbətən daha az yer alırsa, bunun səbəbi onun türk kimliyindən dönməməsidir. Bu da ona «pantürk» adı qoymaq üçün bəhanə oldu, onun ölümünə biganə qalanlar da buna görə vicdan əzabı çəkmirlər.

Bu xəbəri paylaşın