Baş nazir Əli əz-Zeydinin rəhbərlik etdiyi İraq hökuməti Həşd əş-Şəbi haqqında qanun layihəsinə dəyişiklik edərək bu silahlı qüvvənin səlahiyyətlərini məhdudlaşdırmaq və təsirini azaltmaq istiqamətində yeni addım atıb. Təklif olunan dəyişikliklərə əsasən, Həşd əş-Şəbinin məqsədlərinin sayı 9-dan 5-ə, missiyalarının sayı isə 14-dən 8-ə endirilib.
İraq parlamentinə göndərilən layihənin yeni versiyasında Həşd əş-Şəbinin bəzi səlahiyyətləri, o cümlədən siyasi sistemin və Konstitusiyanın müdafiəsi, ölkənin hava məkanının, su ehtiyatlarının və infrastrukturunun qorunması ilə bağlı missiyalar əvvəlki vəzifələr siyahısından çıxarılıb və ya məhdudlaşdırılıb.
Layihədə Həşd əş-Şəbiyə bağlı bir neçə qurumun, o cümlədən Fikri Terrorizmlə Mübarizə İdarəsinin, Hərbi Apellyasiya Məhkəməsinin və əl-Mühəndis Ümumi Şirkətinin yaradılmasından imtina olunub, eyni zamanda komandirlərin xidmət müddətinin uzadılmasına, təşkilatın qüvvələrinin pensiya yaşına və məzuniyyətinə dair məhdudiyyətlər nəzərdə tutulub.
Bu dəyişikliklər İraq hökumətinin müttəfiqi ABŞ-ın tələbi istiqamətində ölkədə İrana bağlı silahlı qruplaşmaların rolunu məhdudlaşdırmağa çalışdığı bir vaxtda gündəmə gəlib.