Təbriz meri Yaqub Huşyar bəzi parlament deputatlarını və İslam Respublikasının rəsmilərini kəskin tənqid edib. O bildirib ki, onlar Təbrizdə yarımçıq qalmış layihələri başa çatdırmaq üçün Tehrandan büdcə almaq əvəzinə 4 min milyard tümənlik xərci bu şəhərin bələdiyyəsinin və sakinlərinin üzərinə yıxmaq istəyirlər.
Məsələ Təbrizdəki Məqbərətüş-şüəra və Şəhər Zalı layihələri ilə bağlıdır. Bu layihələrin hər birini başa çatdırmaq üçün 2 min milyard tümən vəsait tələb olunur. Merin sözlərinə görə, bu pulu hökumət deyil, Təbriz bələdiyyəsi öz vəsaiti hesabına ödəməlidir.
Huşyar Məqbərətüş-şüəra layihəsinə 17 il əvvəl Mədəniyyət və İslami İrşad İdarəsinin başladığını və layihənin yarımçıq qaldığını xatırladıb. Onun sözlərinə görə, bələdiyyə indiyədək bu layihəyə 40 milyard tüməndən çox vəsait xərcləyib, İrşad İdarəsi isə hətta əvvəlki öhdəliklərini belə yerinə yetirməyib.
Huşyar parlament deputatlarına müraciət edərək etirazını bildirib: «Tehrandan Təbriz üçün büdcə gətirmək əvəzinə bələdiyyənin boynuna 4 min milyard tümənlik xərc qoymaq istəyirlər. Yəni əslində büdcəni Təbrizdən Tehrana aparırlar».