İsrail Hərbi Hava Qüvvələri İrana sürətli zərbələr endirmək üçün ciddi təlim keçirib. İsrailin 14-cü kanalının müxbirinin məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri və Tehranın mərkəzindəki obyektlər bu təlimdə hədəf seçilib. Müxbirin sözlərinə görə, təlim uğurla keçib və hələ də davam edir.
Müxbir əlavə edib ki, İsrail ordusu İrana hücumları bərpa etməyə hazırlaşır və bu təlim də həmin hazırlığın bir hissəsidir. "Kan" telekanalı da Hərbi Hava Qüvvələrinin bu yaxınlarda İrana genişmiqyaslı hücumu simulyasiya etdiyini xəbər verib. İsrailin 12-ci kanalı da bu ölkənin İranla yenidən müharibəyə hazır olduğunu bildirib.
Qırıcı təyyarələr Tel-Nof aviabazasından və İsrailin şimalındakı bir bazadan havaya qalxaraq İordaniya, Suriya və İraq səmasında geniş fəaliyyət göstəriblər. İsrail ordusu eyni zamanda yüksək hazırlıq vəziyyəti elan edib.