ArazNews
Ana Səhifə / İran / İranda elektrik böhranı: neft-kimya müəssisələri istehsalı qorumaq üçün Türkiyə elektrikinə ümid bağlayıb
İran

İranda elektrik böhranı: neft-kimya müəssisələri istehsalı qorumaq üçün Türkiyə elektrikinə ümid bağlayıb

İranda elektrik böhranı: neft-kimya müəssisələri istehsalı qorumaq üçün Türkiyə elektrikinə ümid bağlayıb

İranın sənaye və neft-kimya müəssisələrinə məxsus elektrik stansiyalarının gücündən təxminən 4700 meqavatın sıradan çıxmasından sonra Tavanir şirkəti bu müəssisələrin Türkiyədən idxal olunan şəbəkə vasitəsilə elektrik enerjisi ilə təmin edilməsi üçün zəruri infrastrukturun yaradıldığını açıqlayıb.

ILNA agentliyinin məlumatına görə, Tavanirin baş direktoru Məhəmməd Allahdad bildirib ki, neft-kimya kompleksləri müqavilə bağlamaqla Türkiyədən idxal olunan elektrik enerjisindən istifadə edə bilərlər. O, bu müqavilələr yekunlaşdırılmayacağı təqdirdə həmin müəssisələrin elektrik enerjisi ilə təminatının çətinliklərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, son müharibə zamanı enerji obyektlərinə dəyən zərər İranın elektrik şəbəkəsinə təzyiqi artırıb və hökumət hazırda qış mövsümündə elektrik enerjisinin ixracı əvəzinə idxalını artırmağa çalışır.

İran sənayesinin bir hissəsinin istehsalı davam etdirmək üçün enerji çatışmazlığı ilə üzləşdiyi bir şəraitdə Türkiyə şəbəkəsinə qoşulma neft-kimya istehsal xətlərinin dayanmasının qarşısını almaq üçün əsas variantlardan birinə çevrilib.