«The Jerusalem Post» qəzeti xəbər verib ki, İsrailin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiriyə qarşı suiqəsd qərarının əsas səbəblərindən biri yüksək vəzifəli İsrail rəsmilərinin onun SEPAH-ın baş komandanı vəzifəsinə gətirilə biləcəyindən narahat olması olub. Təngsiri 26 martda İsrailin Bəndər-Abbasa hücumu zamanı öldürülüb.
«The Jerusalem Post» öz mənbələrinə istinadən yazıb ki, İsrail rəsmiləri Təngsirini «yaradıcı və bacarıqlı» komandan kimi qiymətləndirirdilər. Onların fikrincə, SEPAH-ın rəhbərliyinə gələcəyi təqdirdə o, İsrail üçün korpusun hazırkı komandanı Əhməd Vahidi ilə müqayisədə daha çətin rəqib ola bilərdi.
Məlumata görə, təxminən 19 martda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ilə məxfi telefon danışığında Təngsirinin aradan götürülməsini xahiş edib. Amerikalı rəsmilər onu Hörmüz boğazı və dəniz toqquşmaları baxımından ciddi təhdid hesab edirdilər. Zamir bu xahişlə razılaşıb və Təngsiri 26 martda hədəfə alınıb.
«The Jerusalem Post» yazır ki, ABŞ-ın xahişi İsrailin hərbi strukturunda artıq tərəfdarları olan əməliyyatın irəliləməsinə kömək edib. Qəzetin yazdığına görə, Təngsirinin gələcəkdə SEPAH-ın komandanlığında oynaya biləcəyi rolla bağlı narahatlıq da ona qarşı suiqəsd qərarına təsir edən amillərdən biri olub.