Terror qrupu PJAK-ın sözçüsü və idarə şurası üzvü Rivar Abdanan Deutsche Welle-nin türk xidmətinə açıqlamasında bildirib ki, Türkiyədə PKK-nın silahsızlanma və özünüfəsх etmə prosesi PJAK üçün heç bir öhdəlik yaratmır. O vurğulayıb ki, bu qrup özünü müstəqil təşkilat hesab edir və gələcək fəaliyyətinə dair qərarları İrandakı siyasi inkişaflara əsasən qəbul edəcək.
Sentyabrın 17-də yayımlanan bu söhbətdə Abdanan bildirib ki, Qəndil dağlarında PKK-nın vəziyyətinin dəyişməsi PJAK-ın bu bölgədən çıxması demək deyil və qrup hazırda fəaliyyət göstərdiyi ərazilərdəki mövcudluğuna son qoymaq niyyətində deyil. Eyni zamanda o deyib ki, silah artıq onlar üçün mərkəzi əhəmiyyət daşımır. PJAK-ın sözçüsü həmçinin iddia edib ki, bu qrupun fəaliyyəti yalnız İranı hədəf alır və Türkiyə ilə İraq üçün təhlükəsizlik təhdidi hesab edilmir.
Söhbətin digər hissəsində Abdanan İran rejimi ilə danışıqlar ehtimalını tamamilə rədd etməyib, lakin bildirib ki, belə bir prosesin baş verməsi İranın siyasi quruluşunda əsaslı dəyişikliklər tələb edir. PJAK-ın sözçüsü, həmçinin ABŞ-dan və ya hər hansı başqa ölkədən silah aldıqları iddialarını rədd edib, lakin qrupun silah təchizatının necə həyata keçirildiyi barədə izahat verməyib.
Eyni hesabatda Ankara Universitetinin professoru və Təbriz Araşdırmalar İnstitutunun rəhbəri Məhəmmədrza Heyət vurğulayıb ki, PKK-nın özünüfəsх etmə prosesinin uğurunu qiymətləndirmək üçün qüvvələrinin, silahlarının, düşərgələrinin və komanda strukturunun taleyi də müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bir təşkilat fəsх edilsə, lakin silahlı qüvvələri eyni imkanlarla və eyni ideoloji çərçivədə, sadəcə başqa bir adla fəaliyyətini davam etdirsə, məsələnin həqiqi sonundan danışmaq mümkün olmayacaq. Heyət əlavə edib ki, Ankara PJAK-a və PKK ilə əlaqəli digər strukturlara daha çox diqqət yetirə bilər, çünki onun əsas narahatlığı PKK-nın hərbi və logistik potensialının başqa bir təşkilat formasında davam etməsinin qarşısını almaqdır.