Ermənistanın baş naziri Nikol Paşinyan qonşu ölkələrə qarşı ərazi iddialarını bir daha rədd edib. O vurğulayıb ki, İrəvan Azərbaycanın, Türkiyənin, İranın və Gürcüstanın ərazisində Ermənistanı axtarmamalıdır.
Paşinyan bu mövqeyi üçün iki səbəb gətirib. Onun sözlərinə görə, Ermənistanın sərhədlərdən kənarda axtarılması Ermənistan Respublikasının öz ehtiyac və maraqlarının nəzərdən qaçmasına səbəb olur. İkinci səbəbi isə daha aydın şəkildə bəyan edib: dörd qonşunun tanınmış ərazisinə qarşı hər hansı ərazi iddiası, əslində, onlara Ermənistan ərazisində öz vətənlərini axtarmaq üçün qapı açır.
Ermənistanın baş naziri bildirib ki, bu yolun nəticəsi ölkəsinin "birə-dörd" vəziyyətinə düşməsidir. O əlavə edib ki, artıq başqa bir vətən xəyalı ilə yaşamaq olmaz, çünki Ermənistan Respublikası elə həmin xəyal edilən vətəndir və bu günün vəzifəsi bu ölkəni inkişaf etdirmək və onu gələcək nəsillərə ötürməkdir.