Xəzər dənizi hər il su səviyyəsinin 10-20 santimetrini itirir və hazırda təxminən son 200 ildəki ən aşağı səviyyəyə çatıb. Mazandaranın ətraf mühitin mühafizəsi baş idarəsinin rəhbəri Məhəmmədrza Kənani bildirib ki, son iki onillikdə bu dənizin suyunun temperaturu təxminən bir yarım dərəcə artıb, buxarlanma səviyyəsi isə 10-15 faiz yüksəlib.
Onun sözlərinə görə, temperaturun və buxarlanmanın artması Xəzərin su balansını mənfiyə çevirib. Kənani xəbərdarlıq edib ki, bu prosesin davam etməsi sahilyanı icmaların güzəranına, sahil qurğularına və infrastrukturuna, habelə bu dənizdən asılı olan ekosistemlərə, o cümlədən sahil bataqlıqlarına mənfi təsir göstərə bilər.