Ərəb Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Büdeyvi İran İslam Respublikasının Hörmüz boğazını "təzyiq və hədə aləti"nə çevirmək istiqamətindəki hər cür cəhdini kəskin şəkildə pisləyib.
Bu açıqlamalar Birləşmiş Ərəb Əmirliklərinin dövlət şirkəti "Adnok" ilə əlaqəli bir neft tankerinin Hörmüz boğazından keçərkən hücuma məruz qalmasından sonra səslənib. BƏƏ bu hücuma görə İranı məsuliyyətli hesab edib və hadisədə heç kimin yaralanmadığını bildirib.
Əl-Büdeyvi bu tankerə edilən hücumu "təhlükəli və qəbuledilməz gərginliyin artması" və beynəlxalq gəmiçilik və ticarətin təhlükəsizliyinə qarşı birbaşa təhdid kimi xarakterizə edib. O, dünya birliyini bu cür hücumların dayandırılması və Hörmüz boğazında gəmiçiliyin azadlığının və təhlükəsizliyinin təmin olunması üçün qəti mövqe tutmağa çağırıb.
Əməkdaşlıq Şurasının Baş katibi eyni zamanda Şuraya üzv ölkələrin BƏƏ ilə "tam həmrəyliyini" vurğulayıb və Əbu-Dabinin öz təhlükəsizliyini, suverenliyini və mənafelərini qorumaq üçün atdığı addımları dəstəklədiyini bildirib.