Araz Nyus: Beynəlxalq xəbər agentliklərinin verdiyi məlumata görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu gün (cümə axşamı) Cəddə şəhərində mühüm üçtərəfli müdafiə və hərbi əməkdaşlıq sazişi imzalayacaqlar.
Fransanın AFP xəbər agentliyinə açıqlama verən Səudiyyə Ərəbistanı hökumətinə yaxın mənbələr bu sazişin Qırmızı dəniz sahilində yerləşən Cəddə şəhərində rəsmiləşəcəyini təsdiqləyiblər. Səudiyyə ordusuna yaxın bir mənbə isə bu barədə deyib:
«Bu saziş uzun müddətdir müzakirə olunurdu; ancaq bölgədə baş verən son siyasi və hərbi inkişaflar bu prosesi daha da sürətləndirdi.»
İngilis Reuters xəbər agentliyi də müstəqil mənbələrə istinadən bu xəbəri təsdiqləyib.
Bu çərçivədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına bir günlük iş səfəri edəcəyi elan edilmişdi.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan yanvar ayında verdiyi açıqlamada üç ölkə arasında danışıqların davam etdiyini, ancaq hələ yekun bir sazişin əldə olunmadığını bildirmişdi. Bu günkü səfərlə uzun müddətli danışıqların rəsmi sazişə çevrilməsi gözlənilir.