PJAK-ın (PKK terror qrupunun İran qolu) sözçüsü Rîbwar Abdanan müsahibəsində bildirib ki, kürd partiyaları tələbləri nəzərə alınarsa, İslam Respublikasına qarşı əməliyyatlarda iştirak edə bilər.
O, həmin müsahibədə qeyd edib ki, ABŞ əgər əvvəlki mərhələdə «kürdlərin İranla bağlı hadisələrə iştirakını» təmin etmək istəyirdisə, «bəlkə də layihəni yanlış tərəflə müzakirə edib».
Sözçü müsahibədə deyib ki, PJAK İslam Respublikasından keçid prosesini və demokratik bir quruluşun yaranmasını dəstəkləyəcək fəaliyyəti ilə kürd xalqının hüquqlarına və layiqli mövqeyinə çatmasına kömək edən hər hansı bir qüvvə və dövlətlə əlaqə saxlamağa hazırdır.
O, əlavə edib ki, qrup öz tələb və fikirlərini nəzərə alan hər hansı bir qüvvə ilə «müsbət qarşılıqlı əlaqə» qurmağa hazırdır.
Qeyd etmək lazımdır ki, son günlərdə Şimali İraq ərazisindən və İran sərhədləri yaxınlığından kürd silahlı qruplarının və bəzi digər silahlı birləşmələrin toplanması və hərəkətlərinə dair yerli mənbələrdən məlumatlar yayılır; hətta bəzi mənbələr PKK-nın silahlı üzvlərinin bir qisminin Suriyadan İraqa və İran sərhədi yaxınlığına keçirildiyi iddiasını irəli sürüb.
Bu arada son günlərdə İslam Respublikasının silahlı qüvvələri Şimali İraqın müxtəlif bölgələrinə dövri olaraq raket və pilotsuz uçuş aparatı zərbələri endirib; nəticədə kürd silahlı qruplarının bir sıra üzvləri həlak olub və yaralanıb.
Mütəxəssislər qeyd edir ki, ABŞ-ın cənubdan quru hücumu başlaması halında, kürd silahlı qrupları tərəfindən qərbdən ikinci cəbhənin açılması çox güman ki mümkündür.
Xatırlatmaq lazımdır ki, əvvəlki 40 günlük müharibə zamanı kürd silahlı qruplarının ABŞ-a Tehransa doğru hərəkət etmək istəmədiklərini, bunun əvəzinə Urmiyaya doğru irəliləmək istədiklərini bildirməsi Azərbaycan ictimaiyyətində və türk xalqı arasında narahatlıq və kəskin reaksiya ilə qarşılanmışdı.