ArazNews
Ana Səhifə / Xəbər / ABŞ paraşütçülərinin gizli şəkildə İsrailə göndərildiyi iddia olunur
Xəbər

ABŞ paraşütçülərinin gizli şəkildə İsrailə göndərildiyi iddia olunur

 ABŞ paraşütçülərinin gizli şəkildə İsrailə göndərildiyi iddia olunur


Amerikalı araşdırmaçı jurnalist Ken Klippenştayn öz internet səhifəsində ABŞ ordusunun 2026-cı ilin aprel ayında 82-ci Hava Desant Briqadasının bir qrup hərbçisini müvəqqəti missiya çərçivəsində gizli şəkildə İsrailə göndərdiyini iddia edib. O, bu məlumatın əldə etdiyi hərbi ezamiyyət sənədində yer aldığını bildirib.


ArazNews-un məlumatına görə, sənədə əsasən ezam olunan hərbçilər 501-ci Piyada Alayının 2-ci batalyonuna məxsusdurlar. Pentaqon mart ayında yalnız 82-ci Hava Desant Briqadasının bəzi bölmələrinin Yaxın Şərqə göndərildiyini açıqlamış, lakin onların İsraildə yerləşdirilməsi barədə məlumat verməmişdi.


Hərbi mənbələrdən birinin sözlərinə görə, bu yerləşdirmə ABŞ və İsrailin İrana qarşı mümkün əməliyyatlarla bağlı hazırladığı yeni ehtiyat planları ilə əlaqəlidir. Mənbə bildirib ki, İranın Xark adasının ələ keçirilməsi bu planlarda nəzərdən keçirilən variantlardan biridir.


82-ci Hava Desant Briqadası ABŞ ordusunun sürətli reaksiya qüvvələrindən hesab olunur. Bu hərbi birlik hava-desant əməliyyatları və “məcburi giriş” adlandırılan xüsusi hərbi missiyalar üçün hazırlanıb.


Pentaqonun rəsmi açıqlamasında yalnız bu qüvvələrin ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına göndərildiyi qeyd edilmişdi. Bu səbəbdən bir çox müşahidəçi onların Küveyt və ya Qətərdə yerləşən bazalara göndərildiyini düşünmüş, ABŞ rəsmiləri isə İsrailə ezam olunma barədə heç vaxt rəsmi təsdiq verməmişdilər.