ABŞ xarici işlər naziri: İrana vaxt qazanaraq təzyiqlərdən yayınmağa imkan verməyəcəyik
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq Vaşinqtonun əsas prioriteti olaraq qalır.
ArazNews-un məlumatına görə, Rubio Fox News-a müsahibəsində İranın son təklifinə münasibət bildirərək deyib ki, Tehran nüvə danışıqlarını təxirə salmaqla vaxt qazanmağa çalışır.
O qeyd edib: “İranlılar peşəkar danışıqlar aparanlardır, lakin biz onlara vaxt qazanaraq təzyiqlərdən yayınmağa imkan verməyəcəyik.”
Rubio vurğulayıb ki, İranın nüvə proqramı heç bir halda danışıqlar gündəmindən çıxarıla bilməz.
ABŞ dövlət katibi əlavə edib: “Əminəm ki, bu rejim hakimiyyətdə qaldığı müddətdə bir nöqtədə nüvə silahı əldə etməyə çalışacaq.”
O bildirib ki, bu ssenarinin qarşısını almaq fundamental məsələdir və bütün danışıqların mərkəzində dayanmalıdır.