ABŞ prezidenti Livan ilə İsrail arasında atəşkəsin uzadıldığını açıqlayıb və iki tərəfin liderləri arasında görüş ehtimalını gündəmə gətirib.
ArazNews-un məlumatına görə, Donald Tramp Livan və İsrail arasında atəşkəsin üç həftə müddətinə uzadıldığını bildirib.
Tramp Ağ Evdə İsrailin Vaşinqtondakı səfiri Yexiel Leiter və Livanın ABŞ-dakı səfiri Neda Muavvad ilə keçirilən görüşdən sonra “Truth Social” platformasında yazıb: “Bu görüş çox yaxşı keçdi! ABŞ Livana Hizbullaha qarşı özünü qorumaqda kömək edəcək.”
O, jurnalistlərə açıqlamasında bu il Livan və İsrail arasında sülh sazişinə nail olmaq üçün “böyük fürsət” olduğunu vurğulayıb və yaxın həftələrdə Livan prezidenti Cozef Aun ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilə biləcəyini deyib.
Tramp əlavə edib ki, İran Hizbullahın maliyyələşdirilməsini dayandırmalıdır.
Bu arada, ABŞ vitse-prezidenti Cey Di Vens atəşkəsin uzadılmasını “mühüm tarixi an” kimi qiymətləndirib.