Ağ Ev: İran zənginləşdirilmiş uranı təhvil verməlidir
Ağ Evin sözçüsü Karolin Levitt Fox News-a müsahibəsində bildirib ki, İran müharibəni dayandırmaq üçün ABŞ-la danışıqlar çərçivəsində zənginləşdirilmiş uran ehtiyatlarını Vaşinqtona təhvil verməlidir.
O, həmçinin Hörmüz boğazındakı son hadisələrə toxunaraq deyib ki, SEPAH qüvvələrinin ticarət gəmilərinə atəş açması atəşkəsin pozulması hesab olunmur, çünki həmin gəmilər ABŞ-a məxsus olmayıb.
Levitt əlavə edib ki, Donald Tramp hələ atəşkəsin bitməsi üçün konkret müddət müəyyən etməyib və yekun zaman çərçivəsi “ABŞ prezidenti tərəfindən” müəyyən ediləcək.
Bu açıqlama ABŞ mediasında daha əvvəl danışıqların irəliləməsi üçün 3–5 günlük vaxt aralığının nəzərdə tutulduğu ilə bağlı xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.
Ağ Ev sözçüsü həmçinin bildirib ki, Vaşinqton İranın danışıqlara vahid və koordinasiyalı təkliflə qatılmasını gözləyir və iddia edib ki, İran rəhbərliyi daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur.