Reuters xüsusi hesabatı: Ziddiyyətli siqnallar və İranın hərbi təzyiqi kürdlərin müharibəyə qoşulmasının qarşısını aldı

1 saat əvvəl 2 dəq oxu Editorial Board
 Reuters xüsusi hesabatı: Ziddiyyətli siqnallar və İranın hərbi təzyiqi kürdlərin müharibəyə qoşulmasının qarşısını aldı


Xüsusi hesabat göstərir ki, Sepah-ın təhdidləri və hücumları ilə ABŞ və İsrailin aydın strategiyasının olmaması kürd qüvvələrinin müharibəyə daxil olmasına mane olub.


Araz News-un məlumatına görə, Reuters İran–İraq sərhədindən hazırladığı reportajda yazır ki, kürd qüvvələrinin müharibəyə qoşulması ilə bağlı ümidlər iki əsas səbəbə görə puça çıxıb: Vaşinqton və Təl-Əvivdən gələn ziddiyyətli mesajlar və Sepah-ın sərhədin hər iki tərəfində kürdlərə qarşı geniş təzyiq kampaniyası.

Müharibənin ilk günlərində Donald Tramp kürd qüvvələrinin hücum ehtimalını “arzuolunan” adlandırsa da, iki gün sonra bu mövqeyini dəyişib və bu variantın gündəmdən çıxarıldığını bildirib. Kürd mənbələrə görə, bu dəyişiklik qeyri-müəyyənlik yaradıb.


Eyni zamanda, Sepah təhdidlər, kəşfiyyat əməliyyatları və hərbi hücumlarla kürdlərin hərəkət imkanlarını məhdudlaşdırıb. İranda kürd bölgələrində nəzarət gücləndirilib, İraqda isə bir sıra mövqelər raket və pilotsuz aparatlarla vurulub.


Məlumatlara görə, müharibə başlayandan mart ayının sonuna qədər kürd bölgələrinə yüzlərlə raket və PUA hücumu həyata keçirilib. ABŞ və İsrailin zərbələri də bu bölgələrdə İranın hərbi mövqelərini hədəf alıb.


Kürd qrupları daxilində də fərqli yanaşmalar olub. Bəzi qruplar İran hakimiyyətinə qarşı mübarizəni dəstəkləsə də, İraq Kürdüstanı rəhbərliyi müharibəyə qoşulmaqdan çəkinib.


Kürd komandirləri bildirir ki, hərbi hazırlığa baxmayaraq, xarici dəstəyin olmaması və İranın təzyiqləri səbəbindən əməliyyatlara başlamaq mümkün olmayıb.


Hesabatda qeyd olunur ki, İran sərhəd bölgələrində geniş hərbi yerləşdirmə apararaq daxili üsyan ehtimalını da nəzarətdə saxlamağa çalışıb.


Analitiklər hesab edir ki, kürd qüvvələri xarici dəstək olmadan İran daxilində geniş ərazilərə nəzarət etmək gücündə deyil, lakin uyğun şəraitdə qeyri-sabitlik yarada bilərlər.


Atəşkəs elan olunsa da, kürd komandirləri vəziyyətin dəyişmədiyini və hələ də təhlükə altında olduqlarını bildirirlər.