Qərb mənbələri: Moskvanın Tehrana birbaşa silah dəstəyi ehtimalı artır
Qərb mənbələri İran müharibəsi fonunda Rusiyanın Tehrana ilk birbaşa silah dəstəyinə başlaya biləcəyi barədə xəbər verir.
ArazNews-un Financial Times-a istinadən verdiyi məlumata görə, Qərb kəşfiyyat mənbələri Rusiyanın İrana pilotsuz uçuş aparatları, dərman və ərzaqdan ibarət yüklər göndərməyə hazırlaşdığını bildirir.
Məlumata əsasən, Tehran və Moskva arasında PUA-ların təhvil verilməsi ilə bağlı gizli danışıqlar ABŞ və İsrailin hücumlarından bir neçə gün sonra başlayıb və bu yüklərin ayın sonuna qədər göndərilməsi gözlənilir.
Mənbələr qeyd edir ki, Rusiya əvvəllər də peyk görüntüləri və hədəf məlumatları təqdim etməklə İrana dəstək verib, lakin PUA-ların göndərilməsi Moskvanın ilk açıq silah dəstəyi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Kreml bu məlumatları təsdiqləməyib və sözçüsü yayılan xəbərləri “yanlış məlumat” adlandırıb.
Hesabatda həmçinin bildirilir ki, İran hərbi imkanlarını artırmaq üçün daha inkişaf etmiş PUA-lara çıxış əldə etməyə çalışır və son aylarda iki ölkə arasında hərbi əməkdaşlıq genişlənib.