Müharibənin başa çatdırılması üzrə danışıqlar fonunda İran və ABŞ arasında ciddi fikir ayrılıqlarının olduğu bildirilir.
ArazNews-un Fox News-a istinadən verdiyi məlumata görə, tərəflər danışıqların gedişi ilə bağlı tam fərqli mövqelər sərgiləyir və bu, razılaşma perspektivini qeyri-müəyyən edir.
Donald Tramp danışıqlarda irəliləyiş olduğunu desə də, İranın rəsmi mediası ABŞ-ın atəşkəs təklifinin rədd edildiyini və Tehranın öz şərtlərini irəli sürdüyünü vurğulayıb.
Məlumata əsasən, əsas fikir ayrılıqları nüvə proqramı, Hörmüz boğazına nəzarət və təhlükəsizlik zəmanətləri ətrafında cəmlənir. İran hücumların təkrar olunmaması və müharibə zərərlərinin ödənilməsi üçün zəmanət tələb edir, ABŞ isə Tehranın hərbi və nüvə imkanlarının məhdudlaşdırılmasını önə çəkir.
Hesabatda qeyd olunur ki, dolayı təmaslar davam etsə də, tərəflər yekun razılaşmadan hələ də uzaqdır.