Araqçi müharibə şəraitində “sabitlik” iddiası etdi, İranda internet isə bloklanıb
İran rejiminin xarici işlər naziri Abbas Araqçi “Face the Nation” proqramına video bağlantı ilə verdiyi müsahibədə İranın “mövcudluq müharibəsi” aparmadığını iddia edərək bildirib ki, ölkə “sabit və kifayət qədər güclüdür”. O, Tehran tərəfindən atəşkəs və ya ABŞ-la danışıqlar tələb olunduğu iddialarını rədd edib və İranın “nə qədər lazım olsa özünü müdafiə edəcəyini” deyib. Araqçi həmçinin müharibəni ABŞ prezidenti Donald Trampın “qeyri-qanuni və seçilmiş müharibəsi” adlandırıb və amerikalı rəsmilərin əməliyyatlar zamanı “mərhəmət göstərilməyəcəyi” barədə açıqlamalarını “müharibə cinayəti” kimi qiymətləndirib.
ArazNews-un məlumatına görə, Araqçi İranın qonşu ölkələrdə körfez ətrafında həyata keçirdiyi raket və dron hücumlarının “ABŞ mövqelərinə və obyektlərinə” yönəldiyini iddia edib. O bildirib ki, bu ölkələr ABŞ qüvvələrinə öz ərazilərindən və hava məkanlarından istifadə imkanı verdikləri üçün İran üçün hədəfə çevriliblər. Araqçi həmçinin “otel və mülki obyektlərin vurulması” barədə xəbərlərin doğru olmadığını deyib və Hörmüz boğazından tankerlərin təhlükəsiz keçidi barədə qərarların İranın hərbi qurumları tərəfindən verildiyini qeyd edib. Onun sözlərinə görə, bəzi ölkələr gəmilərinin “təhlükəsiz keçidi” üçün Tehranla əlaqə saxlayıb və “bir sıra gəmilərə” keçid icazəsi verilib.
Araqçi müsahibədə İranın nüvə obyektlərinin son hücumlarda dağıldığını və zənginləşdirilmiş materialların “dağıntılar altında qaldığını” deyib, hazırda bu materialların çıxarılması üçün plan olmadığını, lakin gələcəkdə “Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında” bərpa imkanının mümkün olduğunu bildirib. O həmçinin Evin həbsxanasında saxlanılan dörd ABŞ vətəndaşı barədə danışaraq deyib ki, ABŞ və İsrail həbsxanalara hücum etmədiyi təqdirdə onlar “təhlükəsiz qalacaqlar”.
Araqçi müsahibədə internetin bloklanması ilə bağlı suala cavab verərkən isə özü Zoom vasitəsilə sərbəst internetdən istifadə etdiyi halda İran xalqı üçün internetin bağlanmasını “təhlükəsizlik səbəbləri və müharibə şəraiti” ilə əsaslandırıb və bildirib ki, o “iranlıların səsidir” və bu səsi dünya ictimaiyyətinə çatdırmaq üçün internetə çıxışa ehtiyacı var. Bu açıqlamalar fonunda isə İranda internetin kəsilməsi və geniş filtrasiya son illərdə etirazların boğulması, ictimai rəyin nəzarətdə saxlanılması və cəmiyyətin səsinin susdurulması üçün sistemli alət kimi istifadə olunduğu barədə tənqidlər yenidən gündəmə gəlib.