Dirəniş: İran rejiminin Türkiyə hava məkanına hücumları qətiyyətlə pislənir

2 saat əvvəl 1 dəq oxu
Dirəniş: İran rejiminin Türkiyə hava məkanına hücumları qətiyyətlə pislənir


Azərbaycan Milli Müqavimət Təşkilatı – Dirəniş İran rejiminin Türkiyə Respublikasının hava məkanına üçüncü dəfə hücum etməsini kəskin şəkildə pislədiyini bildirib. Bəyanatda qeyd olunur ki, heç bir əsas və hüquqi izah olmadan qonşu bir ölkənin suverenliyi və hava məkanını hədəf alan belə addımlar beynəlxalq hüquq və dövlətlərarası münasibətlər baxımından tamamilə qəbuledilməzdir.


Bəyanatda vurğulanır ki, Türkiyə rəsmiləri İncirlik bazasının Türkiyəyə məxsus olduğunu açıq şəkildə bəyan etmələrinə baxmayaraq İran rejiminin bu bölgəni hədəf almaqda israr etməsi bu addımların təsadüfi olmadığını, əksinə, qəsdən seçilmiş təxribatçı və düşmən yanaşmanın göstəricisi olduğunu ortaya qoyur. Bu hücumların mümkün nəticələrinə görə məsuliyyətin birbaşa İran rejiminin üzərinə düşdüyü bildirilib.


Mətnə görə, İran əhalisinin təxminən 40 faizini təşkil edən türk əsilli vətəndaşlar, xüsusilə Güney Azərbaycanda yaşayanlar bu hadisələri ciddi narahatlıqla izləyirlər. Türkiyənin suverenliyini hədəf alan belə addımların İran türklərinin ictimai rəyində ciddi narazılıq yaratdığı qeyd edilir.


Bəyanatda həmçinin vurğulanır ki, Güney Azərbaycan xalqı və İran türkləri Türkiyənin təhlükəsizliyinə qarşı yönəlmiş belə məsuliyyətsiz və macəraçı addımları heç vaxt qəbul etməyəcək və zəruri hallarda öz mövqelərini açıq və qəti şəkildə ortaya qoymağa iradə göstərirlər.


Dirəniş təşkilatı İran rejimini bu cür təxribatçı addımları dərhal dayandırmağa çağıraraq, bunun regional sabitliyi təhlükə altına atdığını bildirib.


Sözçü: Məcid Cavadı Araz

Azərbaycan Milli Müqavimət Təşkilatı – Dirəniş