Avropa Mərkəzi Bankı: Uzunmüddətli müharibə avrozonada inflyasiyanı artıra bilər
Avropa Mərkəzi Bankının baş iqtisadçısı Yaxın Şərqdə müharibənin davam etməsinin enerji qiymətlərini artıraraq avrozonada inflyasiyanı yüksəldə və iqtisadi artımı zəiflədə biləcəyi barədə xəbərdarlıq edib.
Reuters-ə istinadən məlumata görə, Filip Leyn ABŞ və İsrail ilə İran arasında müharibənin uzanacağı təqdirdə enerji qiymətlərinin artmasının inflyasiyaya yuxarı istiqamətli təzyiq yaradacağını və eyni zamanda iqtisadi fəallığı azaldacağını bildirib. Onun sözlərinə görə, təsirin miqyası münaqişənin davametmə müddəti və əhatə dairəsindən asılı olacaq və Avropa Mərkəzi Bankı prosesi diqqətlə izləyir.
Qurumun əvvəlki hesablamalarına əsasən, neft qiymətlərində davamlı sıçrayış inflyasiyanı təxminən 0,5 faiz bəndi artıra, iqtisadi artımı isə təxminən 0,1 faiz bəndi azalda bilər. Hazırda avrozonada inflyasiya 1,7 faizdir və bankın 2 faizlik hədəfindən aşağıdır. Bazarlar yaxın müddətdə faiz dərəcələrində dəyişiklik gözləmir.