Netanyahu: "İran xalqının zalım rejimdən azad olmaq vaxtı gəlib çatıb"
İsrailin Baş naziri Benyamin Netanyahu yaydığı video müraciətdə İsrail və ABŞ qüvvələrinin "İrandan gələn nüvə təhdidini aradan qaldırmaq" üçün birgə əməliyyat keçirdiyini elan edib. O, bu addımı "İran rejiminin nüvə təhdidlərinə və terror fəaliyyətlərinə" cavab kimi qiymətləndirib.
Araz News-un məlumatına görə, Netanyahu öz müraciətində ABŞ Prezidenti Donald Trampa "tarixi liderliyinə" görə təşəkkür edib və bildirib ki, İranın nüvə proqramı son 47 il ərzində İsrailin, Amerikanın və digər ölkələrin həyatını təhlükəyə atıb. O, həmçinin rejimin on minlərlə insanı öldürdüyünü və bir çoxlarına işgəncə verdiyini iddia edib.
İsrail Baş nazirinin sözlərinə görə, İrandan toplanan kəşfiyyat məlumatları "qlobal təhlükəsizliyin təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edib" və bu əməliyyat İranın nüvə proqramını zərərsizləşdirmək üçün şərait yaradıb.
Netanyahu müraciətinin davamında İranda hakimiyyət dəyişikliyinə çağırış edib və ölkə xalqlarına (farslar, kürdlər, ərəblər, bəluclar və türklər daxil olmaqla) müraciət edərək deyib: "İndi sizin zalım rejimdən qurtulmaq, İrana azadlıq və sülhü qaytarmaq növbənizdir."
İsrailin Baş naziri yaxın günlərdə əməliyyatın uğurları barədə daha çox təfərrüatın açıqlanacağını vəd edib: "Birlikdə dayanırıq, birlikdə mübarizə aparırıq və birlikdə İsraili qalib edəcəyik."