ABŞ prezidenti illik Konqres çıxışı zamanı nitqinin başlanmasından bir saatdan çox keçdikdən sonra İran mövzusuna toxunaraq əvvəlki mövqelərini təkrarlayıb.
Araz News-un məlumatına görə, Reuters yazır ki, Donald Tramp xarici siyasət hissəsində İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını “qəti zərurət” adlandırıb və Tehranı regiondakı silahlı qruplara dəstək verməkdə ittiham edib. O, həmçinin ölkə daxilində etirazların yatırılmasına toxunaraq İran hökumətini son aksiyalar zamanı minlərlə insanın ölümü ilə əlaqələndirib.
Bununla belə, Tramp çıxışında mümkün hərbi addımın niyə hazırkı şəraitdə zəruri olduğunu və belə bir hücumun konkret məqsədinin nə olacağını izah etməyib. O, hərbi gücdən istifadə ilə bağlı hər hansı qərarın verildiyini də açıq şəkildə bəyan etməyib.
Ümumilikdə, ABŞ-ın regionda hərbi mövcudluğunun artmasına baxmayaraq, çıxışın İranla bağlı hissəsi qısa və ümumi olub və mümkün addımlar üçün konkret strategiya və ya zaman cədvəli açıqlanmayıb.