Dirəniş Təşkilatının sözçüsündən Ana Dili Günü mesajı: Azərbaycan öz müqəddəratını təyin etməlidir
«Azərbaycan Milli Dirəniş Təşkilatı»nın sözçüsü Məcid Cavadi (Araz), 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə yayımladığı video mesajda, Güney Azərbaycandakı siyasi durum, ana dili mübarizəsi və İranın gələcək siyasi müqəddəratı ilə bağlı önəmli açıqlamalar verib.
Məcid Cavadi öz çıxışında Ana Dili Gününü bütün türk millətinə təbrik edərək, dil məsələsinin sadəcə bir konsept deyil, bəlkə bir millətin varlığı və siyasi haqlarının təməl daşı olduğunu vurğulayıb.
O, Azərbaycan türkcəsinin qadağan edilməsini bir «insanlıq cinayəti» adlandırıb və bu yolda verilən qurbanları yüksək qiymətləndirib.
Dirəniş Təşkilatının sözçüsü, İranda cərəyan edən siyasi proseslərə toxunaraq bildirib ki, Güney Azərbaycan Milli Hərəkatı həm İran İslam rejiminə, həm də Pəhləvi irticasına qarşı iki cəbhədə mübarizə aparır.
Cavadinin sözlərinə görə, Azərbaycan millətinin istəyi sadəcə rejim dəyişikliyi deyil, bəlkə öz müqəddəratını təyin etmək və milli haqlarına sahib çıxmaqdır.
Dirəniş sözçüsü video mesajın ən önəmli hissəsində Güney Azərbaycanın hazırkı həssas dövrünə işarə edərək qeyd edib: Dağınıq mübarizə kifayət deyil; milli qüvvələr bir araya gəlməli və daha sıx təşkilatlanmalıdır. Güney Azərbaycan türk millətinin siyasi şüuru artıq mərkəzçi qüvvələrin oyunlarına gəlməyəcək qədər yüksəlib. İranın gələcək siyasi xəritəsində Azərbaycanın söz sahibi olması üçün milli dirənişin gücləndirilməsi şərtdir.
Cavadi vurğulayıb: «Bizim yolumuz aydındır; biz nə köhnəyə qayıdışı, nə də mövcud zülmün davam etməsini qəbul edirik. Azərbaycan öz gələcəyini öz əli ilə quracaq.»