Netanyahu Trampın elçisinə: “İran heç bir sazişə sadiq qalmayacaq”

4 saat əvvəl 1 dəq oxu
Netanyahu Trampın elçisinə: “İran heç bir sazişə sadiq qalmayacaq”


İsrailin Baş naziri ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşündə Tehranın hər hansı mümkün sazişə əməl etmə ehtimalına şübhə ilə yanaşdığını bildirib və Vaşinqtonun tələblərinin Təl-Əvivin mövqeyi ilə tam üst-üstə düşdüyünü vurğulayıb.

Araz News-un "Əl-Ərəbiyə"yə istinadən verdiyi məlumata görə, Binyamin Netanyahunun ofisi bəyan edib ki, Baş nazir ABŞ-ın xüsusi elçisi Stiv Vitkof ilə görüşündə İranın öz öhdəliklərini pozmaqda uzun bir tarixçəyə malik olduğunu və onun vədlərinə etibar edilə bilməyəcəyini qeyd edib. Bəyanata əsasən, Netanyahu Tehranın beynəlxalq sazişlərə sadiq qalmadığını dəfələrlə nümayiş etdirdiyini deyib.

İsrail rəsmilərinin bildirdiyinə görə, bu yüksək səviyyəli görüşdə MOSSAD rəhbəri David Barnea, Müdafiə naziri İsrail Kats və İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir də iştirak edib.

Bu kəskin mövqe, ötən həftə İran mənbələrinin "Reuters"ə verdiyi məlumatdan sonra diqqət çəkir. Belə ki, Donald Tramp administrasiyasının danışıqların bərpası üçün üç əsas şərt irəli sürdüyü bildirilirdi:

İran daxilində uranın zənginləşdirilməsinin dayandırılması, Ballistik raket proqramının məhdudlaşdırılması, Regiondakı proksi (vəkil) qruplara dəstəyin dayandırılması.

Müşahidəçilər hesab edirlər ki, bu şərtlər İsrailin illərdir irəli sürdüyü tələblərlə tamamilə eynilik təşkil edir və Vaşinqtonla Təl-Əvivin İslam Respublikasına qarşı artan strateji həmrəyliyini göstərir.